Kreditləşmədə lombardların üstün və çatışmayan cəhətləri-  Rəy

11:13 25.11.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Problemli kreditlər həll olundu, yenidən bankların kreditləşmə mərhələsində atdığı addımları vətəndaşları tam qane etmədi. Belə ki, şərtlərin çətinləşdirilməsi onları lombardlara, bank olmayan kredit təşkilatlarına üz tutmağa məcbur etdi. Bəs lombardların vətəndaşlara kredit verməsinin hansı üstünlükləri və çatışmazlıqları var?

Hafta.az-a sualımızı şərh edən iqtisadçı ekspert İlham Əzizov dedi ki, lombard vətəndaşlara daşınar əmlakı girov qoymaqla qısa müddətlik pul krediti verən xüsusi kommersiya təşkilatıdır. Ekspert qeyd etdi ki, hal hazırda müxtəlif banklar da lombard krediti verir, bu qısa müddətli kreditdir:

“Lombard krediti iş yerindən arayış almayanlara daha sərfəlidir. Qiymətli metal və daşları banklarda saxlamaq daha təhlükəsizdir. Lakin lombardlar kimi banklarda da problemlər yarana bilir. Ödənişləri istənilən bank filialından etmək olur. Banklarda əmanətə toxunmaq olmur, lakin lombardlarda bu mümkündür. Lombardların fəaliyyəti bu, haqda olan qanunla tənzimlənir və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzarətdə saxlanılır. Lombarda ipoteka predmeti olmayan, mülki dövriyyədən çıxarılmamış və ya mülki dövriyyəsi məhdudlaşdırılmamış daşınar əşyalar girov qoyula və ya saxlamaya verilə bilər. Lombardlar müvafiq qurumlar tərəfindən lisenziyalaşdırılır, lakin onlar banklar kimi ictimai məsuliyyət daşımır və əhalidən əmanət üzrə vəsait qəbul etmir. Lombard haqqında Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Qanunun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiymətinin tam məbləğində öz vəsaiti hesabına müştərinin xeyrinə əşyanın mənimsənilməsi, israf edilməsi, zədələnməsi, məhv olma və itirmə riskindən sığortalanmalıdır”.

İqtisadçı hesab edir ki, lombard öz vəsaiti hesabına girov qoyulmuş ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər:

“Qanunda sığorta tam həcmdə lombard təşkikatı tərəfindən müştərinin xeyrinə sığortalanır. Lombardların müsbət tərəflərindən biri odur ki, ölkədə 500 mindən artıq sənədsiz ev mövcuddur. Bu əmlakın sahibləri mülklərin girov qoyub kredit götürə bilmirlər. Lakin lombardlara qiymətli metal və başqa qiymətli mallar qoymaqla kredit əldə etmək olar. Mənfi xüsusiyyətlərə faizlərin çoxluğu, qoyduğun girovdan lombardın istifadə etmə ehtimalı və s. aiddir”